Azərbaycan hökuməti 2024-cü ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsini həyata keçirən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmaları 1 milyard 975 milyon manat məbləğində proqnozlaşdırır ki, bu da 2023-cü ilin göstəricisindən (4 milyard 2 milyon manat) 2 dəfə azdır.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinin materiallarına istinadən xəbər verir ki, AÇG və “Şahdəniz”in səhmdarları tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin azalması iki amillə bağlıdır. Birincisi, 2024-cü ildə AÇG üzrə neft hasilatının 1,1 milyon ton (gündəlik 22 min barel) azalması gözlənilir, ikincisi, “Şahdəniz” layihəsi üzrə qazın orta qiyməti cari il üzrə gözləniləndən 46,8% az olacaq.
Azərbaycanda “Şahdəniz” və AÇG yataqlarının işlənməsi ilə məşğul olan neft-qaz şirkətləri 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 3 milyard 901,7 milyon manat mənfəət vergisi ödəyib.
AÇG və “Şahdəniz”in səhmdarları 2022-ci ildə neft və qaz qiymətlərinin yüksək olması fonunda dövlət büdcəsinə 5 milyard 393,9 milyon manat mənfəət vergisi (2021-ci ilin göstəricisi ilə müqayisədə +5,2 dəfə) ödəyib.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyir. Bu şirkətlər tərəfindən mənfəət vergisi üzrə ödənişlər dünya bazarında neftin faktiki qiymətlərinə uyğun olaraq həyata keçirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO şirkətləridir (19%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
A.Əzizov