Azərbaycan hökuməti “Azersky-2” peykinin orbitə çıxarılması ilə əlaqədar tələb olunan maliyyə təminatı üçün 2024-cü il dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutub.
Bu məbləğ Maliyyə Nazirliyinin 2024-cü il dövlət büdcəsi ilə bağlı materiallarında öz əksini tapıb.
Xəbər verildiyi kimi, 2023-cü ilin oktyabr ayında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.
Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez missiyasını başa çatdırıb.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.*
R.Əhmədov