2022-ci ildə vergi və gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 7 milyard 630,8 milyon manat təşkil edib, bunun böyük hissəsi biznes üçün güzəştlərlə bağlı olub.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildə bu cür güzıştlərin həcmi 5 milyard 317 milyon manat, 2021-ci ildə - 6 milyard 521,9 milyon manat təşkil edib. Beləliklə, 2020-2022-ci illərdə təqdim olunan vergi və gömrük güzəştlərinin həcmi 43,5% artıb.
Maliyyə Nazilriyinin materiallarına əsasən, 2022-ci ildə sahibkarlıq fəaliyyətindən irəli gələn güzəştlərlə bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 4 milyard 729,2 milyon manat (2021-ci ildə - 3 milyard 942,5 milyon manat, 2020-ci ildə - 3 milyard 219 milyon manat) təşkil edib.
Bundan başqa, 2022-ci ildə sosial xarakterli güzəştlərlə bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 1 milyard 891,7 milyon manat (2021-ci ildə - 1 milyard 768,7 milyon manat, 2020-ci ildə - 1 milyard 419,8 milyon ) təşkil edib.
2022-ci ildə beynəlxalq müqavilələrdən irəli gələn güzəştlərlə bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 492,5 milyon manat (2021-ci ildə - 422,6 milyon manat), büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının və publik hüquqi şəxslərin fəaliyyətindən irəli gələn güzəştlərlə bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 517,5 milyon manat (2021-ci ildə - 388,1 milyon manat) təşkil edib. **
A.Əzizov