Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin oktyabr ayında valyuta hərraclarında $202,6 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF 2023-cü ilin sentyabr ayında $164,5 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, oktyabrda xarici valyuta satışının həcmi 23,2% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ARDNF valyuta hərraclarında $2 milyard 304,8 milyon məbləğində xarici valyuta (2022-ci ilin 10 ayı ilə müqayisədə azalma 44,9%) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.**
N.Abbasova