Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək, Bakı bu cür hərəkətlərə adekvat cavab veriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin spikeri Ayxan Hacızadə bəyan edib.
“Təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib. (...) Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir”, - Hacızadə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, “Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir”.
“Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”, - o vurğulayıb.
O cümlədən, Hacızadə ABŞ-ı Azərbaycanda separatizmi dəstəkləməkdə Ermənistana yardım etməkdə ittiham edib. “ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib”, - o qeyd edib.
XİN-in spikeri hesab edir ki, məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib.
“Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, - Hacızadə vurğulayıb. **
A.Əzizov