Azərbaycan işğaldan azad olunmuş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda) bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ən azı $2,4 milyard ayıracaq. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən $7 milyard həcmində vəsait sərf edilib. Növbəti il ən azı $2,4 milyard vəsaitin ayrılacağı nəzərdə tutulur”, - deyə Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Böyük Qayıdış Proqramını icra edir. “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib. “Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”, - deyə Əliyev əlavə edib.*
R.Əhmədov