Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına $20 milyarddan çox sərmayə qoyub. Bunu Prezident İlham Əliyev deyib.
“Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir”, - deyə Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bildirib.
O qeyd edib ki, birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızstan İnkişaf Fondu yaradılıb.
Prezident vurğulayıb ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40% artıb.
Prezident əlavə edib ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.
Onun sözlərinə görə, Türk dövlətləri ilə münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur.
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”, - deyə dövlət başçısı vurğulayıb.*
X.Nəsirzadə