Prezident İlham Əliyev bəyan edib ki, 2023-cü il sentyabr ayının 19-20-də Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüquqa riayət edilib.
“2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi”, - deyə dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa edib.
“Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir”, - deyə Azərbaycan lideri əlavə edib.*
R.Əhmədov