“AzerGold” QSC tərəfindən Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixində xüsusi yeri olan Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib.
“Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 20 qram çəkiyə malik qızıl sikkələr Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayişə çıxarılıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi QSC-nin məlumatına istinadən bildirir.
Yeni qızıl sikkə “AzerGold” QSC-nin Satış və mübadilə mərkəzində də müştərilərə təqdim edilir. Məhsulları, həmçinin onlayn satış platforması (www.azergold.gift) vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib.
Bu günə qədər müxtəlif çəkilərdə istehsal edilmiş “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Qarabağ xalçası: “Çələbi” naxışlı qızıl və gümüş sikkələri Azərbaycanın tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edir.
“Şuşa” və “Qarabağ inciləri” qızıl sikkələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə, daha bir qızıl sikkə kolleksiyası isə Xan qızı Natəvanın 190 illiyinə həsr olunub.*
N.Abbasova