Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşünün yekunları üzrə 12 sənəd imzalayıblar. Bu barədə Qazaxıstan Prezidentinin dəftərxanasından məlumat verilib.
Xüsusilə Astana Aktı; sammitin bəyannaməsi və TDT-nin 2023-2027-ci illər üçün nəqliyyat əlaqəsi proqramının həyata keçirilməsinə dair Fəaliyyət Planı (Yol Xəritəsi) imzalanıb.
Bundan başqa, TDT ölkələrinin liderləri tərəfindən aşağıdakı sənədlər imzalanıb: Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında dövlət başçılarının qərarı; Türk dünyasının maliyyə mərkəzləri statusunun verilməsi barədə dövlət başçılarının qərarı; Türk əməkdaşlıq təşkilatlarının yeni bayraqlarının qəbul edilməsi haqqında qərar; təyinatlar haqqında dövlət başçılarının qərarı; İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar; 6 fevral tarixinin TDT-nin “Fəlakət qurbanlarının anım və həmrəylik günü” kimi təsdiq edilməsi haqqında qərar; Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcənin idarə edilməsi qaydaları haqqında qərar; “TDT-nin daimi nümayəndələri haqqında Əsasnamə”nin hazırlanması haqqında qərar və TDT-yə üzv dövlətlərin müvafiq qurumları arasında metrologiya sahəsində əməkdaşlıq haqqında protokol.*
R.Kərimov