“GL” ASC noyabrın 3-də 660 min manat məbləğində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından (BFB) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərraca 700 min manat məbləğində istiqraz çıxarılmışdı. Beləliklə, “GL” hərracda istiqrazların 94,3%-ni yerləşdirib.
“Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 660 min manat təşkil edib”, - deyə BFB-dən bildirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 14%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 5 ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC olub.
Xəbər verildiyi kimi, “GL” ASC 6 tranşla 3 milyon 25 min manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
“GL” ASC oktyabrın 10-da keçirilən hərraca 425 min manat məbləğində istiqraz çıxarıb və 399 min manat cəlb edə bilib.
Oktyabrın 25-də şirkət 1,3 milyon manat məbləğində istiqrazın hərraca çıxarılması nəticəsində 1 milyon 156 min manat cəlb edib.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib.*
X.Nəsirzadə