BP-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2023-cü ilin yanvar-sentyabr aylarında $1 milyard 119,1 milyon məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 12,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bu məbləğdən $535,9 milyon dəyərində sifariş 14 birgə müəssisə, $35,1 milyon dəyərində sifariş 24 dövlət müəssisəsi, $276,8 milyon dəyərində sifariş 216 kiçik və orta müəssisə, $271,3 milyon dəyərində sifariş isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən 94 xarici şirkət tərəfindən yerinə yetirilib.
2023-cü ilin yanvar-sentyabr aylarında “BP-Azerbaijan” və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları sosial layihələrin həyata keçirilməsinə birlikdə və ayrı-ayrılıqda $2,4 milyon məbləğində investisiya qoyub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO şirkətləridir (19%).
BTC layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.*
N.Abbasova