Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasını, danışıqlar masası arxasında görüşlərin keçirilməsi üçün şərait yaradılmasını arzu edirik. Əminəm ki, Şarl Mişelin səyləri ölkələr arasında sülhün bərqərar olması üçün körpü ola bilər”, - deyə Berbok bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Berbok qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı problemlərin həlli Ermənistanın Aİ ilə iqtisadi münasibətləri daha fəal inkişaf etdirməyə imkan verəcək.
Mirzoyan Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu təsdiqləyib.*