Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan bu gün telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər və tezliklə atəşkəsin tərəfdarı olduqlarını bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
“Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub. Tez bir zamanda atəşkəsin elan edilməsinin və zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsinin zəruriliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Lavrov iranlı həmkarını Rusiyanın BMT Təhlükəsizlik Şurasının xətti ilə gərginliyin azaldılması və vəziyyətin siyasi-diplomatik məcraya yönəldilməsi istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıb.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər aktual məsələlərə də toxunulub.*