İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı 7 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
“Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 7 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb”, - deyə o, Milli Məclisdə ictimai dinləmə zamanı bildirib.
Nazirin sözlərinə görə, bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələr qaçılmaz olur.
Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə işğal dövründə uzunluğu 2000 km, sahəsi isə təxminən 4200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır.
Təhlükəsiz əmək şəraitinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayan kənd təsərrüfatı naziri bildirib ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 10 min ha, 2022-ci ildə 50 min ha, 2023-cü ildə isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.*
Xəbərlər şöbəsi