İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti arasında Bakıda keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, S.Bəşirli Azərbaycanın 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi, tətbiq olunan güzəşt və stimullar barədə məlumat verib.
Nazir müavini beynəlxalq maliyyə qurumları, o cümlədən BVF ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mütərəqqi təcrübənin və texnoloji yeniliklərin təşviqinə önəm verildiyini vurğulayıb.
A.Bordon BVF-Azərbaycan tərəfdaşlığına dair fikirlərini bölüşüb.
“Tərəflər ortamüddətli dövr üçün perspektivlər, energetika sektorunun inkişaf istiqamətləri, vergi siyasəti və inzibatçılığı sahəsində son islahatlar və növbəti dövrlər üzrə nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparıblar”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov