Ermənistanın qeyri-konstruktiv addımları iki ölkə arasında normallaşma prosesinin ləngiməsinə səbəb olub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistanın qeyri-konstruktiv və ziddiyyətli addımları normallaşma prosesini ləngidib”, - deyə o, bu gün Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur.
Bayramov qeyd edib ki, Ermənistanla danışıqlar İrəvanın Bakının şərtlərini qəbul etməsindən sonra davam etdiriləcək.
Onun sözlərinə görə, alman həmkarı ilə danışıqlar zamanı bölgədəki vəziyyəti, kommunikasiyaların açılmasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını ətraflı müzakirə ediblər.
Bayramov regiondakı yeni reallıqları Berbokun diqqətinə çatdırdığını vurğulayıb.
O əlavə edib ki, qanunsuz separatçı rejim (Qarabağda - İF) uzun illər Azərbaycan üçün təhdid mənbəyi olub.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Qarabağ regionunda, o cümlədən sentyabrda lokal xarakterli antiterror tədbirləri zamanı beynəlxalq hüquqa uyğun hərəkət edib.
Bayramov qeyd edib ki, antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan beynəlxalq təşkilatların nümayəndələri üçün çoxsaylı səfərlər təşkil edib ki, onlar erməni separatçıların malik olduğu silahlar da daxil omaqla hər şeyi öz gözləri ilə görsünlər.
Onun sözlərinə görə, hazırda regionun, o cümlədən erməni işğalı dövründə demək olar ki, tamamilə dağıdılmış infrastrukturun bərpası Azərbaycan üçün prioritetdir.*
X.Nəsirzadə