Zəngilan şəhərinin 2040-cı ilədək Baş planı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib, şəhərin əhalisi 16 min nəfər təşkil edəcək. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Zəngilanın Baş planı İsveçrənin “Sa_partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Şəhərin Baş Planı ilə ümumi ərazisi 333 ha, əhali sayı – 16 min nəfər olacaq.
Şəhərdə yaradılacaq əsas təhsil, inzibati, səhiyyə və mədəniyyət obyektləri: 960 uşağın təhsil alacağı 4 məktəbəqədər təhsil müəssisəsi, 2,88 min şagird yerlik 3 ümumtəhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası və ambulator poliklinika, inzibati bina, mədəniyyət mərkəzi, İşğal və Zəfər muzeyləri kompleksi və s.
Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 km, velosiped yollarının uzunluğu isə 14,6 km kimi nəzərdə tutulur.
Zəngilan şəhərində yaşayış ərazilərinin və ictimai məkanların uğurlu plan həlli yüksək yaşıllaşdırma göstəricilərinə nail olmağa imkan verir. Belə ki, Baş plana uyğun olaraq şəhər ərazisinin 135,2 ha (40,5%) sahəsini yaşıllıqlar təşkil edir. Şəhərlərdə ümumi istifadədə olan yaşıllıq sahəsinin bir adama düşən norması qanunvericiliklə 8-10 m2 nəzərdə tutulduğu halda, Zəngilan şəhərində bu göstərici 44,7 m2 təşkil edəcək.
Dövlət Komitəsi qeyd edir ki, hazlrdaZəngilanda Beynəlxalq Hava Limanı və Zəngilan Konqres Mərkəzi artıq inşa olunub.
Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. **
B.Rüstəmbəyov