Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Rumıniyanın xarici işlər naziri Luminitsa Odobesku ilə görüşüb, həmçinin, tərəflər arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
“Görüşlər zamanı ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib”, - Azərbaycan XİN məlumat verir.
Tərəflər həmçinin iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə, “yaşıl” enerji sahəsindəki tərəfdaşlığın əlaqələrin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
O cümlədən, görüş əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb. Bununla əlaqədar, Bayramov Rumıniya şirkətlərini sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvətedib. Bununla yanaşı nazir həmçinin Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verib. **
B.Rüstəmbəyov