İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatların gedişində qısamüddətli humanitar atəşkəsi mümkün hesab edir.
“Taktiki kiçik fasilələrə gəlincə, bir saat burada, bir saat orada - bizdə əvvəllər belə olub. Malların, humanitar yüklərin daxil ola və ya girovlarımızın, ayrı-ayrı girovların ərazini tərk edə bilməsi üçün şəraiti öyrənmək lazımdır”, - deyə Netanyahu ABC telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, o, HƏMAS-ın girov götürdüyü bütün şəxslər azad edilməyənə qədər İsrailin tam atəşkəsə razılıq verməyəcəyi ilə bağlı mövqeyini təsdiq edib.
“Girovlarımız azad edilməyənə qədər Qəzzada ümumi atəşkəs olmayacaq. Hesab edirəm ki, bu, hərbi səylərə, girovlarımızın azad edilməsi üçün göstərdiyimiz səylərə mane olacaq”, - deyə Netanyahu vurğulayıb.*