Son zamanlar aktuallaşan süni intellekt əsaslı həllərin əhəmiyyətini, onların müxtəlif sektorların inkişafına verə biləcəyi töhfələrini nəzərə alaraq, Mərkəzi Bankla (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən xəbər verir.
Sənədi AMB sədri Taleh Kazımov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
“Memorandumun imzalanmasında başlıca məqsəd ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsinin təşkili, bununla da Azərbaycanın süni intellekt sahəsində regional liderə çevirilməsidir”, - deyə məlumatda bildirilir.
Bu əməkdaşlıq çərçivəsində süni intellektə əsaslanan startapların və şirkətlərin Azərbaycana cəlb edilməsi, müxtəlif sektorlarda süni intellekt əsaslı innovasiyaların təşviq edilməsi, bu sahədə həllərin və bacarıqların artırılması üçün qabaqcıl təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması üzrə tədbirlər həyata keçiriləcək.*
X.Nəsirzadə