Azərbaycandan qaz alışı haqqında müqavilə Belqradın enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək. Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
“İnterfaks-Azərbaycan” agentliyi Serbiya mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Vuçiç bildirib ki, Bolqarıstanla qaz kəmərinin tikintisi ilə Serbiya Cənub Qaz Dəhlizinin bir hissəsinə çevrilir və Azərbaycan qazının alışı haqqında müqavilə Belqradın enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Nəşr qeyd edir ki, Vuçiç və Bayramov enerji sahəsində vəziyyəti müzakirə ediblər.
Eyni zamanda, Vuçiç ümidvar olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan qaz interkonnektorunun (IBS) tikintisi üzrə işlərin yekunlaşmasını qeyd etmək üçün Serbiyaya səfər edəcək.
Serbiya Prezidentinin dəftərxanasından verilən məlumata görə, bu münasibətlə Serbiya-Azərbaycan Strateji Tərəfdaşlıq Şurası da toplaşacaq.
“Görüş zamanı Bayramov və Vuçiç Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığını da müzakirə ediblər. Tərəflər qeyd ediblər ki, Belqrad və Bakı arasında müntəzəm reyslərin həyata keçirilməsi bu əməkdaşlığın inkişafına kömək edəcək”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Belqrad 2024-cü ilin əvvəlində Azərbaycandan qaz almağa ümid edir.*
R.Kərimov