Keçmiş məcburi köçkünlərin Şuşada inşa edilən 23 binadan ibarət yaşayış kompleksinə köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılması planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
O, noyabrın 7-də Şuşada səfərdə olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tikinti işlərinin gedişi barədə məlumat verib.
A.Kərimov bildirib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.
“Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov