Moldova sərhəd polisinin rəisi Rosiyan Vasiloy istefaya göndərilib. Qərar çərşənbə günü respublika hökuməti tərəfindən qəbul edilib.
Baş nazir Dorin Reçan hökumətin iclasının əvvəlində bəyan edib ki, «son hadisələr Sərhəd Xidmətində dəyişikliyə ehtiyac olduğunu göstərir».
Sentyabrın ortalarında Vasiloy 30 iyun hadisələrinin prokurorluq tərəfindən araşdırdığı dövrdə səlahiyyətlərini üzərindən götürdüyünü bildirib. Həmin gün Kişineu hava limanında Moldovaya girişi qadağan edilmiş Tacikistan vətəndaşı sərhəd polisi də daxil olmaqla iki nəfəri güllələyib. Xidməti araşdırmanın nəticələrinə əsasən, Vasiloya sərt töhnət verilib.
Prokurorluq Vasiloyu xidməti səhlənkarlıqda şübhəli bilir və ətraflı araşdırmaya başlayıb. İstintaq başa çatmasa da, Sərhəd Polisinin rəhbəri oktyabrın sonunda işinə geri qayıdıb.
Noyabrın əvvəlində Kişineu hava limanında Azərbaycan vətəndaşının Moldovaya girişi qadağan edildikdən sonra hava limanı ərazisini qanunsuz tərk etməsi ilə bağlı daha bir insident baş verib. O, ikinci gün Azərbaycan səfirliyinin yanında saxlanılıb və vətəninə deportasiya edilib.
Bundan sonra baş nazir Reçan hava limanında təhlükəsizliyin təmin edilməsi tədbirlərindən narazılığını bildirərək, xəbərdarlıq edib ki, bununla əlaqədar istefalar olacaq. **