ABŞ aviasiyası Suriyanın şərqində iranyönümlü qüvvələrin obyektinə zərbə endirib. Bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib.
“Bu gün Prezident Baydenin göstərişi ilə ABŞ Silahlı Qüvvələri özünümüdafiə məqsədilə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və ona bağlı qruplaşmaların istifadə etdiyi obyektə zərbə endirib”, - deyə Ostin bildirib.
Pentaqonun saytında dərc olunmuş məlumatda qeyd olunur ki, zərbə SEPAH bölmələrinin İraq və Suriyadakı ABŞ personalına qarşı həyata keçirdiyi bir sıra hücumlara cavab olaraq endirilib.
“Birləşmiş Ştatlar insanlarımızı və obyektlərimizi qorumaq üçün lazımi tədbirləri görməyə tam hazırdır. Biz hər hansı bir eskalasiyadan çəkinməyə çağırırıq”, - deyə Ostin vurğulayıb.*