Prezident İlham Əliyev noyabrın 9-da Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Keçid Hökumətinin baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşüb.
Azərbaycan liderinin saytında verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
Kakar Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Əliyev Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.
Prezident Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
“Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, tərəflər imtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
Əliyev və Kakar informasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğunu bildirib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyini vurğulayıblar.*
X.Nəsirzadə