Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Azərbaycan liderinin saytında dərc olunmuş məlumata görə, görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin yaxşı potensialı olduğu qeyd edilib, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulanıb.
Əliyev qeyd edib ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti Mirziyoyevin əlaqələrin genişləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.
Öz növbəsində, Mirziyoyev Əliyevi ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib, Qarabağın gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacağına ümidvar olduğunu bildirib.
“Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik. Ən xoş arzularımı çatdırıram. Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək. Çünki Siz Şuşada, Füzulidə nələr olacağını mənə danışdınız, biz yeni aeroportu gördük, mən də orada oldum, əgər bunun Füzulidə olmasına inanmayan varsa, özü baxa bilər. Əslində, bu, Füzulidir və bütün infrastruktur öz həllini tapır. Həm də demək istəyirəm ki, bizim bütün razılaşmalarımız həyata keçirilir”, - deyə Mirziyoyev qeyd edib.
Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə