Prezident İlham Əliyev hesab edir ki, Ermənistan Zəngəzur dəhlizi layihəsindən imtina etməklə böyük səhvə yol verib.
“İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”, - deyə dövlət başçısı noyabrın 9-da Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı bildirib.
Əliyev İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsinin razılaşdırılmasından məmnunluğunu bildirib.
“Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”, - deyə dövlət başçısı vurğulayıb.*
X.Nəsirzadə