Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasına və bütün girovların azad edilməsinə çağırıb. Bu barədə Yaxın Şərq mətbuatı məlumat verir.
«Bu, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının İsrail tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına son qoya bilmədiyini sübut edən və dünyada qəbul edilmiş ikili standartlara işarə edən humanitar fəlakətdir», - o, Ər-Riyadda keçirilən İslam-Ərəb növbədənkənar sammitində bildirib.
Onun sözlərinə görə, bölgədə sülhə nail olmağın yeganə yolu «İsrail tərəfindən işğalın və qanunsuz məskunlaşmanın dayandırılması, Fələstin xalqının hüquqlarının bərpası və 1967-ci ilin sərhədlərinə qayıtmaqla və paytaxt Şərqi Qüdsdə dövlətin yaradılması» ola bilər.
Sammitdə çıxış edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbas ABŞ administrasiyasını «işğala, pozuntulara, müqəddəs yerlərin təhqir olunmasına son qoymaq məqsədilə” İsrailə təsir etməyə çağırıb.
Misir prezidenti Əbdül Fəttah əs-Sisi «Qəzza zolağında dərhal, davamlı atəşkəsə» çağırıb. Öz növbəsində, İran prezidenti Ibrahim Rəisi İsraili Qəzza zolağında müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham edib. **