Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında bəyan edib ki, Bakı İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
“Çıxışı zamanı nazir İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsinin, xüsusilə mülki şəxslərin hazırki eskalasiyadan ən çox əziyyət çəkən tərəf olmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb”, - Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Bayramov öz çıxışında Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyini vurğulayıb. Onun rəyinə görə, bu istiqamətdə beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsi əhəmiyyət daşıyır.
Bayramov Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə Azərbaycanın aktiv şəkildə töhfə verdiyini, Qoşulmama Hərəkatına sədrliyi dövründə məsələyə göstərdiyi həssaslığı, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımları qeyd edib.
Nazir vurğulayıb ki, son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlanır, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatlar zəruridir.
Bayramov qeyd edib ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı və münaqişədən əziyyət çəkən bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının dəstəyini və həmrəyliyini yaxından hiss edir. Münaqişə zamanı, habelə postmünaqişə dövründə bir sıra beynəlxalq təşkilatların ikili standartları ilə üzləşdiyi bir vaxtda göstərilən ədalətli mövqeyə görə təşəkkür ifadə olunub.
Ərazilərimizin qanunsuz işğalına son qoyan 44 günlük Vətən müharibəsindən sonra bu il sentyabrın 19-20-də Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğu, bununla da bölgədə sülh və reinteqrasiya istiqamətində yeni imkanların yarandığı diqqətə çatdırılıb.**
V.Əliyev