2023-cü ilin birinci yarısının yekunları üzrə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis mənfəəti $726,601 milyon təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə QSC-nin 2023-cü ilin birinci yarısı üzrə auditi aparılmış maliyyə hesabatında bildirilir.
2023-cü ilin yanvar-iyun aylarında CQD-nin gəlirləri $1 milyard 146,301 milyon, satışların maya dəyəri $245,119 milyon təşkil edib.
2023-cü ilin birinci yarısının yekunları üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin əməliyyat mənfəəti $940,826 milyon, maliyyə xərcləri $284,79 milyon, vergi ödənilənədək mənfəəti $739,762 milyon təşkil edib.
Cari ilin iyun ayının sonuna QSC-nin aktivləri $14 milyard 704,831 milyon (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,7%), o cümlədən qısamüddətli aktivləri $2 milyard 700,071 milyon (artım 1,5 dəfə), uzunmüddətli aktivləri $12 milyard 4,76 milyon məbləğində (artım 0,15%) qiymətləndirilir.
2023-cü ilin iyul ayının əvvəlinə CQD-nin öhdəlikləri $8 milyard 274,46 milyon (artım 2,4%), o cümlədən qısamüddətli öhdəlikləri $938,238 milyon (artım 3,8%), uzunmüddətli öhdəlikləri $7 milyard 336,238 milyon (artım 2,2%) təşkil edib.
2023-cü il iyunun 30-na “Cənub Qaz Dəhlizi”nin kapitalı $6 milyard 430,355 milyona (artım 12,7%), o cümlədən səhmdar kapitalı $2 milyard 415,8 milyona (dəyişməyib) bərabərdir.
“Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi layihəsinin komponentlərinin səmərəli idarə olunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $33 milyard təşkil edir.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr təşkil edib, 2023-cü ildə isə 12 milyard kubmetrdən çox həcmdə nəzərdə tutulub.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin IV rübündə isə Macarıstana qaz ixracına başlanılacaq.*
R.Əhmədov