İsrail iki-üç həftədən sonra Qəzza zolağındakı vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyətin güclü təzyiqi ilə üzləşməyə başlayacaq. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen bu gün jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, HƏMAS qruplaşmasının Qəzza zolağında girov saxladığı 240 nəfər İsrailə əməliyyat aparmaq hüququ verən əsas amildir.
Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu bu gün Livanın “Hizbullah” hərəkatına xəbərdarlıq edərək ona “odla oynadığını” söyləyib.
“Əsgərlərimizə və mülki insanlara qarşı hücumlarını artıra biləcəklərini düşünənlər var. Bu, odla oynamaqdır (...) Onlar bizi sınamamalıdırlar, çünki biz gücümüzün yalnız kiçik bir hissəsini göstərmişik. Bu, əməliyyat, hərbi əməliyyatların növbəti raundu deyil. Biz tam qələbə üçün irəliləyirik”, - deyə o vurğulayıb.*