Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarında qaz ixracını 8,2% - 19,8 milyard kubmetrə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr (Azərbaycandan bütün ixracın 49%-i), Türkiyəyə 8,1 milyard kubmetr (bütün ixracın 41%-i), Gürcüstana 1,9 milyard kubmetr (bütün ixracın 10%-i) Azərbaycan qazı ixrac edilib. Hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 4,7 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrdən çoxu Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.*
N.Abbasova