Noyabrın 15-də SOCAR və “Srbijagas” şirkəti arasında Serbiyaya Azərbaycan qazının tədarükü haqqında müqavilə bağlanıb.
Energetika Nazirliyindən verilən məlumata görə, müqavilə energetika naziri Pərviz Şahbazovla Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında Bakıda keçirilən görüşün yekunları üzrə imzalanıb.
“Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq”, - deyə P.Şahbazov bildirib.
Öz növbəsində, Djedoviç Handanoviç əlavə edib ki, imzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağı mümkündür.
“Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması sayəsində biz təchizat mənbələrimizin şaxələndirilməsini, o cümlədən Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi rolumuzun gücləndirilməsini nəzərdə tutan strateji hədəfimizə nail olacağıq”, - deyə o bildirib.
Görüş çərçivəsində hər iki ölkənin energetika nazirləri “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalayıblar.
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qaz müqaviləsinin SOCAR və “Srbijagas” arasında əməkdaşlıqda yeni səhifə açacağını vurğulayıb. O, Serbiyanın enerji təhlükəsizliyinin, eləcə də iki ölkə və şirkətlər arasında əlaqələrin möhkəmləndirilməsində müqavilənin uğurla həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
“Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur”, - deyə nazirlikdən bildirilib.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin sonunadək Macarıstana qaz tədarükünə başlanılacaq.
Bundan başqa, Türkiyə və Gürcüstan da Azərbaycan qazının alıcılarıdır.*
N.Abbasova