Tehran qarşıdakı 6 ay ərzində İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsinin başlanacağına ümid edir. Bunu İranın energetika naziri Əli Əkbər Mehrabiyan deyib.
“Qarşıdakı altı ay ərzində İran, Rusiya və Azərbaycanın elektrik enerjisi sistemlərinin elektrik enerjisi mübadiləsinə başlayacağına ümid edirik”, - deyə IRNA agentliyi nazirə istinadən bildirir.
O qeyd edib ki, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi üçün üç optimal yol (Gürcüstan, Azərbaycan və Türkmənistandan keçən) öyrənilib.
“Layihənin həyata keçirilməsi baxımından Azərbaycan daha az mürəkkəbdir. Burada şəbəkələrin inkişaf etdirilməsinə və infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi ehtiyac yoxdur. Biz Azərbaycan və Rusiya ilə çox yaxşı razılığa gəlmişik və bu, üç ölkənin elektrik enerjisi sistemlərini ən qısa zamanda birləşdirməyə imkan verir”, - deyə iranlı nazir əlavə edib.*
R.Kərimov