Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan təhlükəsizlik sahəsində münasibətlərini şaxələndirir.
“Biz təhlükəsizlik sahəsində münasibətlərimizi şaxələndiririk. Təhlükəsizlik sahəsində tərəfdaşlarımız obyektiv səbəblərdən bizə silah sata bilmir. Bunu açıq şəkildə deyirik”, - deyə Paşinyan parlamentdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfdaşlarından inciməməyi xahiş edir, lakin “biz təhlükəsizlik sahəsində başqa tərəfdaşlar axtarmalıyıq”.
“Biz bu tərəfdaşları axtarır və tapır, sazişlər imzalamağa, silah, hərbi texnika almağa çalışırıq. Bu, bizim siyasətimizdir”, - deyə baş nazir qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistanın siyasətində strateji dəyişiklik yoxdur.
“Biz KTMT-ni tərk etmək qərarı qəbul edilənə qədər strateji dəyişiklik barədə elan etmək fikrində deyilik”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır.
“KTMT götürdüyü öhdəliklərə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb. Başa düşülən deyil ki, niyə hər dəfə bu tədbirlərə (KTMT çərçivəsində iclaslara – İF) gəlib, eyni şeyi təkrar edirik və hər dəfə də lazımi cavabı almırıq”, – deyə o əlavə edib.*