Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva bəyan edib ki, Azərbaycanın bu ilin sentyabr ayında Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı ilə erməni separatizminə son qoyulub.
“Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi”, - deyə M.Əliyeva noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır.
“Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir”, - deyə M.Əliyeva vurğulayıb.*
Xəbərlər şöbəsi