Qarşıdakı bir neçə həftə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün həlledici olacaq. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn belə hesab edir.
“Növbəti bir neçə həftə tərəflərin (Azərbaycan və Ermənistanın – İF) niyyətdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, “Bəli” sözü danışıqlarda əldə edilməsi ən çətin olan sözdür”, - deyə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, Dövlət Departamentində hesab edirlər ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı razılığa gəlməsi hazırda Bakıdan asılıdır.
Ceyms O`Brayn vurğulayıb ki, ABŞ Azərbaycana hərbi və digər yardımların göstərilməsini dayandırıb, bir neçə yüksək səviyyəli səfərləri ləğv edib və Vaşinqton Bakını Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunana qədər ikitərəfli münasibətlərin normallaşmayacağı ilə bağlı xəbərdar edib. “Biz aydın şəkidlə bildirmişik ki, 19 sentyabr hadisələrindən sonra sülh trekində tərəqqi görənədək Azərbaycanla heç nə normal olmayacaq”, – deyə ABŞ dövlət katibinin köməkçisi qeyd edib.
O, həmçinin etiraf edib ki, Azərbaycan Ermənistana hücum planlarının olmaması barədə ABŞ-ı məlumatlandırıb. “Bakı bizi əmin edib ki, onun belə niyyəti yoxdur”, - deyə Ceyms O`Brayn əlavə edib.
Diplomat, həmçinin bildirib ki, ABŞ və Aİ Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır. Bundan başqa, Vaşinqton və Brüssel Ermənistanın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər üzərində işləyir.*
Xəbərlər şöbəsi