2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 443 milyon 55,34 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,1%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $964,039 milyon dəyərində (artım 33,6%) məhsul ixrac edilib. Bütövlükdə Azərbaycandan ixracın 3,27%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 5-ci yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana $2 milyard 482 milyon 15,78 min dəyərində (artım 18,8%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 15,5% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana №1 idxalçıdır).
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 520 milyon 976,78 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.**
B.Rüstəmbəyov