2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1204 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 627 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2% azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub (artım 4,7%), 1034-ü isə yaralanıb (azalma 5,9%)”, - deyə məlumatda bildirilir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,8%-ni, yaralananların isə 72,8%-ni kişilər təşkil edib.
9 ay ərzində nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Hesabat dövründə yol-nəqliyyat hadisələrinin 36,8%-i piyadaların iştirakı ilə baş verib.
“Bütün yol-nəqliyyat hadisələrinin 40%-i bir neçə nəqliyyat vasitəsinin, 36,8%-i nəqliyyat vasitələrinin və piyadaların, 23,2%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisələrin 43,6%-i gündüz, 39,6%-i gecə, 16,8%-i isə toran vaxtı baş verib, 29,8%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
R.Kərimov