Prezident İlham Əliyev noyabrın 17-də “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılır.
Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilir.
Fərmana əsasən, Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılır: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti; “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu; Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti; Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.
Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur.
Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
Nazirlər Kabinetinə dörd ay müddətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Maliyyə Nazirliyinə Dövlət Agentliyinin və onun qurumlarının Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə