2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 milyon 68,2 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 24 milyon 974,4 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 8,1% olub.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 39 milyard 745,8 milyon kubmetr qaz (artım 3,4%), 29 milyard 711,1 milyon kubmetr əmtəəlik qaz (artım 3,6%) hasil edilib.
Oktyabrda Azərbaycanda 2,46 milyon ton neft (2022-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə azalma 10,2% - İF) və 3,84 milyard kubmetr qaz (azalma 5% - İF) hasil edib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.*
R.Əhmədov