2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2376 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 45,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261, martda 469 (2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstərici – İF), apreldə 334, mayda 323, iyunda 162, iyulda 122, avqustda 76 (2023-cü ilin əvvəlindən ən aşağı aylıq göstərici – İF), sentyabrda 168, oktyabrda 266 ədəd avtomobil istehsal edilib.
1 noyabr 2023-cü il tarixinə anbarlarda 485 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Yanvar-oktyabr aylarında Azərbaycanda 580 ədəd traktor (artım 9%) istehsal edilib. 2023-cü il noyabrın 1-nə anbarlarda 12 ədəd traktor var.
Bundan başqa, yanvar-oktyabr aylarında 307 ədəd yük avtomobili (artım 12,5%) istehsal edilib. 2023-cü il noyabrın 1-nə anbarlarda 1 ədəd yük avtomobili var.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda avtomobil istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.*
B.Rüstəmbəyov