Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyası zamanı çıxışını şərh edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
O qeyd edib ki, Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb.
“Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb. Ermənistan tərəfininiki aydan artıq müddətdə yubatdığı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir”, - məlumatda deyilir.
Hacızadə vurğulayıb ki, Ermənistan baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir.
“Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib”, - məlumatda vurğulanır.
Hacızadə qeyd edib ki, Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.
“Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinisülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq”, - məlumatda deyilir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəyinə ümid ifadə olunub. **
V.Əliyev