Türkiyə hazırda Qəzza zolağında münaqişənin dayandırılmasına nail olmaq üçün diplomatik vasitələrdən istifadə edir, lakin diplomatiyanın uğursuz olduğu təqdirdə başqa vasitələri da istisna etmir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, Ankara İsraillə diplomatik münasibətləri kəsmək məsələsini nəzərdən keçirib, lakin hesab edir ki, bu, “digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar” olmalıdır.
Qeyd edək ki, noyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsraildəki səfirini geri çağırıb.
Fidan bildirib ki, bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinkenlə söhbət zamanı xəbərdarlıq edib ki, əgər ABŞ Qəzzada davamlı kütləvi qətllər və bombardmanlar fonunda İsrailə dəstəyi davam etdirərsə, bu, yeni qlobal böhran yaradacaq.
O, həmçinin deyib ki, Türkiyə müharibədən sonra iki dövlətin yaradılması qərarı olmadan Qəzzanı kimin idarə edəcəyi ilə bağlı heç bir müzakirəni qəbul etməyəcək. Fidanın sözlərinə görə, Qəzzada idarəetmə problemi yoxdur, Fələstin anklavının problemi onun işğal vəziyyətində olması və daim bombalanmasıdır.*