2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 milyard 865,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 5 milyard 134 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 731,5 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,3%, bitkiçilik məhsullarının istehsal həcmi 2,7% artıb.
Bu dövrdə respublikada 485,4 min ton ət (artım 3,1%), 1 milyon 864,5 min ton süd (artım 1,5%), 15,1 min ton yun (azalma 3%), 357 ton barama (artım 4,6%) və 1 milyard 832,5 milyon ədəd yumurta (azalma 3%) istehsal edilib.
Komitənin məlumatına əsasən, ölkədə ASK məhsullarının yığımı davam edir.
Bu ilin noyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 172,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,8% çox dənli bitkilər, 989,3 min ton (azalma 4%) kartof, 1 milyon 753,6 min ton (artım 1,4%) tərəvəz, 438,2 min ton (azalma 6,5%) bostan məhsulları, 1 milyon 84,5 min ton (artım 2,4%) meyvə və giləmeyvə, 217,5 min ton (artım 6,3%) üzüm, 1 milyon 102,4 ton yaşıl çay yarpağı (artım 15,5%), 29,2 min ton günəbaxan (artım 2,5%), 125,1 min ton (artım 18,6%) şəkər çuğunduru, 4,2 min ton (artım 12,2%) tütün, 168,9 min ton (azalma 15,1%) pambıq yığılıb.
Hazırda təsərrüfatlarda 2024-cü ilin məhsul yığımı üçün müvafiq iş aparılır.
Bu il 881,7 min hektar sahədə payızlıq şum aparılıb. 2024-cü ilin məhsulu üçün 369,9 min hektar sahədə payızlıq bitkilər səpilib. Bunun 189,1 min hektarını buğda, 180,7 min hektarını arpa, 0,1 min hektarını çovdar təşkil edib.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.**
X.Nəsirzadə