2023-cü ilin yanvar-sentyar aylarında Azərbaycan əhalisinin sayı 41,224 min nəfər və ya 0,4% artaraq 2023-cü il oktyabrın 1-nə 10 milyon 168,366 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-sentyabr aylarında ölkə üzrə 85,352 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 8,8% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,3%, qızların xüsusi çəkisi isə 46,7% olub. Körpələrin 2,574 mini əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub.
Bu dövrdə 45,016 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,9 (2022-ci ilin yanvar-sentyabr aylarında 6,1 - İF) təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 39,134 min nikah (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 13,7%) və 16,226 min boşanma halı (artım 37,3%) qeydə alınıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,86 min nəfər gələn və 1,972 min nəfər ölkədən gedən qeydə alınıb. **
X.Nəsirzadə