Azərbaycan prezidenti İlham Əliyev qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə verdikləri böyük töhfələri qeyd edir.
“Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur”, - Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. «Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63%-ni qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70%-i qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40%-dir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır”, - o qeyd edib.
Prezident vurğulayıb ki, “torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur”.
“Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir”, - Əliyev qeyd edib. **
R.Əhmədov