Azərbaycan sülh müqaviləsinə təklif ilə bağlı rəsmi Bakının qeydlərinə Ermənistandan iki aydan çoxdur cavab gözləyir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”, - Əliyev bazar ertəsi İraq prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, bunun səbəbi Ermənistana “pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünür”.
“Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər”, - o qeyd edib.
Əliyev bir daha təsdiq edib ki, Azərbaycana “heç bir müharibə lazım deyil”. “Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”, - prezident deyib.
Dövlət başçısı əlavə edib ki, Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək.“Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə. Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar”, - Əliyev yekun vurub.
Prezident vurğulayıb ki, Azərbaycan sülhə hazırdır. “Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”, - Əliyev qeyd edib. **
B.Rüstəmbəyov