Hazırda Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur, bu istiqamətdə Ermənistandan addımlar gözləyirik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur”, - Hacıyev çərşənbə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan hakimiyyəti tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə görmür.
Hacıyev vurğulayıb ki, Ermənistan üçüncü tərəfləri regionda proseslərə daşımaqdansa, Azərbaycanla ikitərəfli danışıqları irəli aparmalıdır. Onun rəyinə görə, xüsusilə, Ermənistan anlamalıdır ki, sülhün təməli Vaşinqtonda, Brüsseldə və ya Parisdə yox, regionun özündədir.
Həmçinin, o əlavə edib ki, “hazırda top Ermənistan tərəfindədir”. **
R.Əhmədov